19.01.2015
Yanvarın 19-da Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 Yanvar faciəsindən danışılaraq, Sovet imperiyasının 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi vəhşiliklər, günahsız insanların qətlə yetirilməsi xatırladılmışdır. O ağır dövrdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyi, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etdiyi bildirilmişdir. Məhz Ümummilli Liderimizin hakimiyyətə yenidən qayıdışından sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir.
Ulu Öndərimizin siyasi kursunu inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram bəslədiyi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədilə mühüm qərarlar qəbul etdiyi vurğulanaraq, hər il dövlət səviyyəsində geniş tədbirlər planı hazırlanaraq həyata keçirildiyi bildirilmişdir.
Tədbirdə 20 Yanvar hadisələri barədə geniş məlumat verilmiş, həmin gecənin Azərbaycan tarixində təkcə faciə deyil, həm də milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğu qeyd edilmişdir.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş “Müqəddəs məkan” filmi nümayiş edilmişdir.