İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı bəyannamələrin qəbuluna başlanılır

08.06.2015

2015-ci il 8 iyun tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq, “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat” və bəyannamə formaları təsdiq edilmişdir.
Təlimat özündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərin müəyyən edilməsi, həmin dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını ehtiva edir. Tənzimləmə təcrübəsi və dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələrinə çıxış imkanları nəzərə alınmaqla, 10 istinad ölkəsi (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) seçilmişdir.
Qiymət tənzimlənməsi məqsədilə təsdiq edilmiş bəyannamə formaları dərman vasitələrinin istehsalçıları və ya onların müvəkkil etdiyi şəxslər tərəfindən doldurularaq, 2015-ci il 9 iyun tarixindən etibarən müvafiq sənədlərlə birlikdə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyinə təqdim olunmalıdır.
Qərara uyğun olaraq, Tarif (qiymət) Şurasının Katibliyi dərman vasitələri üçün qiymət bəyannamələrinin təqdim edilməsi, onların təhlili və dərman vasitələrinin qiymətlərinin müəyyənləşdirilməsi prosesinin intensivləşdirilməsi məqsədilə işlərin aidiyyəti subyektlərlə koordinasiyalı şəkildə həyata keçirilməsini təmin edəcəkdir.
“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”, “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”, orijinal və generik dərman vasitələri üçün təsdiq edilmiş qiymət bəyannamə formaları və istinad ölkələrində dərman vasitələrinin qiymətləri üzrə informasiya mənbələri barədə məlumatlar Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının rəsmi internet səhifəsinin (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilmişdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası