İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının iclası keçirilmiş və daha 600-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənmişdir

04.02.2016

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir.

2016-cı il 4 fevral tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmiş və daha 600-dən çox dərman vasitəsinin qiyməti təsdiqlənmişdir.

Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 5651 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq edilmişdir ki, bunlardan 3711 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1940 dərman vasitəsinin yeni qiymətləri bu ilin 25 fevral tarixindən qüvvəyə minəcəkdir.
 
İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin manatın məzənnəsində baş verən dəyişikliklərdən əvvəl satışda olan qiymətləri ilə müqayisədə belə 20%-nin qiyməti 2 dəfədən çox, 8%-nin qiyməti 3 dəfədən çox aşağı salınmış, ümumilikdə 60%-nin  qiymətləri endirilmişdir.
 
Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddə üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri hələlik təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.
 
Şuranın iclasında həmçinin, yeni təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və fevralın 22-i sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilmişdir.
 
Qərarlar və dərman vasitələrinin siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Şuranın qərarları” və “Dərman vasitələri” bölmələrində yerləşdirilmişdir (keçid http://tariff.gov.az/documents/DVA.pdf).

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası