İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

14.07.2017

Tarif (qiymət) Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılmış, müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir.

Ölkədə istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, “Aİ-92” markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparılmışdır.

Tarif (qiymət) Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilmişdir. Qərar 2017-ci il 15 iyul tarixindən qüvvəyə minir.

Məlumat üçün bildiririk ki, tarif dəyişikliyindən sonra da “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Gürcüstanda 0,86, Rusiyada 0,61, Qazaxıstanda 0,43, Belarusda 0,59, Ukraynada 0,98 ABŞ dolları təşkil edir.

Şuranın iclasında həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli Qərarına əsasən, dəmir yolları ilə ölkədaxili və beynəlxalq yük və sərnişin daşıma xidmətlərinin tariflərinin müəyyən edilməsinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətlərinə aid edildiyi və Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli Qərarına əsasən, dəmir yolları ilə yük və sərnişin daşıma xidmətlərinin, tarifləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarıldığı nəzərə alınaraq, Şuranın bu sahədə olan müvafiq qərarları ləğv edilmişdir.
 
Tarif (qiymət) Şurasının iclasında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, bir sıra dərman vasitələrinin qiymətləri də təsdiq edilmişdir. Ümumilikdə, ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq edilən 10385 dərman vasitəsinin tam siyahısı Şuranın rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilmişdir.

Qərarlarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
 
 
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının Katibliyi

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası