İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının katibi Elşən Əsədovun "Trend" Analitik-Informasiya Agentliyinə müsahibəsi

01.02.2011

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının son qərarı ilə bağlı ətraflı məlumat verməyinizi xahiş edirik. 
- Qeyd etdiyiniz kimi, Tarif (qiymət) Şurasının dünən keçirilmiş iclasında aidiyyəti dövlət qurumlarının müraciəti əsasında bir neçə sahə üzrə tariflərə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir. Aparılmış tarif dəyişikliklərinin əsas səbəbi mövcud tariflərin bu xidmətlərə çəkilən xərcləri ödəməməsi ilə yanaşı, bu sahədə təsərrüfat subyektlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır.

Təhlillər göstərir ki, hər 3 sahədə tariflərin dəyişdirilməsi iqtisadi zərurət kimi qarşıya çıxmışdır. Məsələn, dəmir yolunda mövcud ölkədaxili sərnişindaşıma tarifləri sonuncu dəfə 1997-ci ildə təsdiq edilmişdir. Bu dövrdə dəmir yolu ilə sərnişindaşımanın maya dəyərində əsas paya malik enerji daşıyıcılarının  qiymətləri orta hesabla  3 dəfə artmışdır. Ümumilikdə, tarif tənzimlənməsi iqtisadi cəhətdən əsaslandırılaraq, sosial məsələlər nəzərə alınmaqla kompleks şəkildə həyata keçirilir və istehlakçıların daha keyfiyyətli xidmətlərlə təminatına, təsərrüfat subyektlərinin səmərəli fəaliyyətinə yönəldilir.
Konkret sahələrə gəldikdə isə, universal poçt xidmətləri üzrə mövcud tariflər 2002-ci ilin oktyabr ayında təsdiq edilmişdir. Hazırda universal poçt xidmətlərinin maya dəyəri mövcud tarifləri orta hesabla 3,2 dəfə üstələyir. Tariflərin xərclərə uyğunlaşdırılmaması səbəbindən “Azərpoçt” MMC-nin universal poçt xidmətləri üzrə zərəri 5 mln. manatdan çoxdur. Bu isə, müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin səmərəli təşkilinə imkan vermirdi. Bununla yanaşı, “Azərpoçt” MMC üzrə bir nəfərin orta aylıq əmək haqqı 133 manat təşkil edir ki, bu da respublika üzrə olan orta göstəricidən 2,4 dəfə aşağıdır. Anoloji problemləri tarif tənzimləməsi aparılan digər sahələrə də aid etmək olar. 

Tarif (qiymət) Şurasında su və kanalizasiya xidmətlərinin tariflərinə də baxılmışdır.Tariflərin dəyişdirilməsi hansı qiymətləndirmələrə əsaslanır? 

-Bəli. Tarif (qiymət) Şurasında “Azərsu” ASC-nin müraciətinə də baxılmış və yeni tariflər müəyyənləşdirilmişdir.
Hazırda “Azərsu” ASC-nin xərclərinin 30,4%-ni əmək haqqı, 28,3%-ni elektrik enerjisi xərcləri təşkil edir. Bununla belə, Səhmdar Cəmiyyətində orta aylıq əmək haqqı respublika üzrə orta göstəricidən xeyli aşağıdır.
Qeyd edim ki, sudan xammal kimi istifadə edən istehlakçılar üçün tariflər dəyişdirilməmiş, hazırki səviyyədə saxlanılmışdır. Bu sudan xammal kimi istifadə etməklə, məhsul istehsalçılarının xərclərinin, eləcə də bu məhsulların qiymətinin dəyişməməsi deməkdir.
Eyni zamanda, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 m3-dən 5 m3-ə endirilmişdir ki, bu da, belə abonentlərin hər ay daha az vəsait ödəməsi deməkdir.
Qeyd edim ki, əksər ölkələrdə aylıq adambaşına su istehlakı göstəricisi 3-5 m3 arasında dəyişir. İclasda 1 m3 suyun maya dəyərinin tariflərdən xeyli aşağı olması nəzərə alınaraq sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilmişdir.
Tarif dəyişikliyindən sonra yeni normalar nəzərə alınmaqla bir nəfərin aylıq əlavə xərci şəhər yerlərində 42 qəpik, kənd yerlərində isə 41 qəpik təşkil edəcəkdir. Bu isə adambaşına su təchizatı və kanalizasiya xidməti üçün xərclərinin 1,32 manatdan 1,8 manata  dəyişməsi deməkdir.  
Tarif  dəyişiklikləri “Azərsu” ASC-nin cari istismar xərclərinin ödənməsinə, sudan qənaətlə istifadə olunmasına, israfçılığın qarşısının alınmasına, xidmətin keyfiyyətinin yüksəlməsinə imkan yaradacaqdır. Məsələ müzakirə olunarkən son illər ərzində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına Bakı şəhəri üzrə sayğaclaşmanın 94%-ə çatdırılması, yığımın səviyyəsinin artırılması kimi məsələlər də xüsusi olaraq qeyd olunmuş, bu sahədə tədbirlərin daha da gücləndirilməsi barədə tövsiyyələr verilmişdir.

Dəmir yolunda sərnişin daşıma tariflərinin dəyişdirilməsi hansı zərurətdən irəli gəlir?
-Qeyd etmək lazımdır ki, dəmir yolu ilə sərnişin daşıma tariflərinə sonuncu dəfə 1997-ci ildə baxılmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu dövrdə dəmir yolu ilə sərnişindaşımanın maya dəyərində əsas paya malik enerji daşıyıcılarının  qiymətləri orta hesabla 3 dəfə artmışdır. Bu fəaliyyət növü üzrə “Azərbaycan Dəmir Yolu” QSC-nin xərcləri 54,6 mln. manat, gəlirləri isə 5 mln. manat ətrafındadır. 2009-cu ilin yekunlarına əsasən, cəmiyyətin bu xidmət üzrə zərəri 49,4 mln. manat təşkil etmişdir. Tariflərə gəldikdə isə bir nümunə göstərmək istəyirəm. Məsafəsi 450 km-dən çox olan Bakı-Qazax adi qatarında ümumi vaqonda qiymət 1,46 manat, yataq plaskart vaqonda 1,9 manat, kupedə 2,90 manat, SV tipli vaqonlarda isə 5,22 manat idi ki, bu qiymətlə həmin istiqamətdə avtobuslarda 1 nəfər üçün təqribən  8 manat, minik avtobillərində isə təxminən 20-25 manat səviyyəsindədir. Başqa sözlə, tariflər alternativ nəqliyyat vasitələrinin qiymətlərindən dəfələrlə aşağı idi. 
Bundan başqa, hər 100 km məsafəyə qiymətlər kupe vaqonlarda Gürcüstanda 3,2 manat, Ukraynada 4,2 manat, Belarusda və Rusiyada isə 7,6 manat olduğu halda, Azərbaycanda bu rəqəm 70 qəpik təşkil edirdi. Göründüyü kimi, dəmir yolunda tətbiq edilən əvvəlki tariflər onun xərclərindən dəfələrlə aşağıdır. Mövcud problemin qismən də olsa aradan qaldırılması və bu sahədə keyfiyyətli xidmətin göstərilməsi üçün “Azərbaycan  Dövlət Dəmir Yolları” QSC-nin müraciəti əsasında müvafiq tariflərə baxılmış və yeni tariflər qəbul edilmişdir. Yeni tariflərin dəyişdirilməsi ilə yanaşı, bu sahədə xidmətin keyfiyyətin artırılması üzrə tövsiyələrə verilmişdir.  Belə ki, Tarif dəyişikliyi nəticəsində Səhmdar Cəmiyyət üzrə ildə 13 mln. manata yaxın əlavə vəsaitin əldə edilməsi gözlənilir ki, bu da vəsait dəmir yolunun maliyyə imkanlarını genişləndirəcək, xidmətlərdə keyfiyyətin yaxşılaşdırılmasına da köməklik göstərəcəkdir.   
Qeyd etmək lazımdır ki, və hətta yataq dəstinin qiyməti  və komissiyon xərclər də biletin qiymətinə daxil edilməklə, yeni tariflər MDB ölkələrində tətbiq edilən müvafiq tariflərdən xeyli aşağıdır. 

Tarif (qiymət) Şurasının yeni qərarının sosial təsiri qiymətləndilibmi?

-Aidiyyəti qurumlardan daxil olmuş müraciətlər araşdırılarkən əhaliyə sosial təsiri nəzərə alınmaqla yeni tariflərə kompleks baxılmışdır. Əvvəldə də qeyd etdiyim kimi, hesablamalarımıza əsasən, suya tətbiq edilən yeni tariflər üzrə əhalinin adambaşına düşən xərcləri Bakı şəhərində 42 qəpik, regionlarda isə 41 qəpik təşkil edəcəkdir ki, bu isə əhalinin büdcəsinə elə də ciddi təsir göstərməyəcək. Belə ki, əhalinin adambaşına düşən xərclərində bu artımın xüsusi çəkisi 0,17% təşkil edəcəkdir. 
Bundan başqa, ötən il pensiyaların baza hissəsi və minimum əmək haqqı 13%, sosial müavinətlər 20%, qaçqın və məcburi köçkünlərin yemək xərcləri 11%, tələbə və doktorantların təqaüdləri 20% artırılmışdır. Eləcə də, 2011-ci il üçün yaşayış minimumu 85 manatdan 95 manata, ünvanlı dövlət sosial yardımı alanlar üçün ehtiyac meyarı 65 manatdan 75 manata qədər qaldırılmışdır. Ölkədə sosial müdafiə tədbirlərinin davamlılığını nəzərə alsaq, bütövlükdə, yeni tariflərinin əhalinin sosial vəziyyətinə ciddi təsiri gözlənilmir. 

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası