İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) illik iclası keçirilmişdir

22.09.2011

Sentyabrın 22-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) Sədrlər Toplantısı və Qiymətəmələgəlmə və Tariflər üzrə Komitəsinin illik iclası işinə başlamışdır.

    

Əvvəlcə Assosiasiyaya üzv olan ölkələrin nümayəndələri Fəxri Xiyabanda olmuş, Ümummilli Lider Heydər Əliyevin və görkəmli alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, onların xatirəsini ehtiramla anaraq, abidələri önünə əklil qoymuşlar.

Qonaqlar həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhramanlarımızın xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra öz işinə başlayan iclası giriş sözü ilə açan Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri, Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə edilmiş nailiyyətlər, ölkənin uğurlu enerji siyasəti, Tarif (qiymət) Şurasının tənzimləmə fəaliyyəti barədə iştirakçılara məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycanın enerji siyasəti regional müstəvidən çıxaraq qlobal müstəviyə daxil olmuş, ölkəmiz etibarlı tərəfdaş kimi tanınmışdır. Bakıda keçirilən tədbirin əhəmiyyətini bir daha diqqətə çatdıran cənab Şahin Mustafayev toplantının işinə uğurlar arzulamışdır.

ERRA-nın sədri Qabor Sorenyi rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və  ERRA-nın ötən ilki iclasından keçən dövr ərzində görülmüş işlər barədə məlumat vermişdir. Qabor Sorenyi Bakıda olduğundan və ölkəmizdə gördüyü iqtisadi inkişafdan məmnunluğunu ifadə etmiş, tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirmişdir.

Toplantıda Moldovanın Enerji Tənzimləmələri üzrə Milli Agentliyinin baş direktoru  Viktor Perlikov, Slovakiyanın Şəbəkə sahələrinin tənzimləmə idarəsinin sədri Jozef Holençik, Rumıniya enerji tənzimləmə Qurumun başçısı Mariya Manikutsa və s. nümayəndələr təqdimatlarla çıxış etmişlər. Tədbirdə elektroenerji bazarının inteqrasiyası, bərpa edilən enerjinin tənzimlənməsi və digər məsələlər üzrə ölkə təcrübələri barədə də müzakirələr aparılmışdır.  

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası