İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir

13.07.2012

13 iyul 2012-ci il tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilmişdir. İclasda küçə reklamı yayımı tariflərinə baxılmış, Şuranın bəzi qərarlarına redaktə xarakterli dəyişikliklər edilmişdir.

Tarif (qiymət) Şurasının yeni qəbul edilmiş qərarı ilə küçə reklamı sahəsində tariflərin tətbiqinin sadələşdirilməsi və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə reklam yayımı kateqoriyalarının sayı 17-dən 5-ə, zonalar üzrə tariflərin sayı 51-dən 15-ə endirilmiş və bir sıra əmsalların tətbiqi isə ləğv edilmişdir.
Şuranın qərarına əsasən, Bakı şəhərində küçə reklamının (səyyar və ya stasionar) yayımı məqsədilə reklam daşıyıcısına ayrılan yerə görə aylıq tariflər bir kvadrat metr üçün zonalar üzrə müxtəlif olmaqla yerüstü keçidlərdə, körpü və estakadalarda 16-24 manat, küçələrin kənarlarında, meydan, park, bağ və yol ayrıclarında 12-20 manat, damlarda, binaların, hava şarlarının, aerostat və dirijablların üzərində 8-16 manat, yeraltı keçidlərdə, dayanacaqlarda, ticarət, köşk və yanacaqdoldurma pavilyonlarının günlüklərində 6-8 manat, hasarlarda, vitrin və pəncərələrdə isə 4-6 manat arasında müəyyənləşdirilmişdir. Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə tariflər Bakı şəhəri üçün müəyyən edilmiş tariflərə 0,7, digər regionlar üzrə 0,5 əmsalı tətbiq edilməklə, sosial reklam tarifləri isə müvafiq küçə reklamı tariflərinə 0,1 əmsalı tətbiq edilməklə müəyyənləşdirilir.
Yeni tariflər 1 avqust 2012-ci il tarixindən qüvvəyə minəcəkdir.
İclasda həmçinin, Bakı Metropoliteninin metroda sərnişindaşıma xidməti üzrə 24 noyabr 2011-ci il tarixində aparılmış son tarif dəyişikliyinin qurumun maliyyə-təsərrüfat fəaliyyətinə təsiri barədə hesabatı dinlənilmişdir.

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası