13.05.2016
Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə
QƏRAR № 8
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 8
Bakı şəhəri, 13 may 2016-cı il
Dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin
tariflərinin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrinin aparılması Qaydaları”na uyğun olaraq və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müraciətini nəzərə alaraq, dərman vasitələri və dərman maddələrinin ekspertizası xidmətləri üzrə təsnifatlaşdırmanın təkmilləşdirilməsi, qeydiyyat prosesində doza və qablaşdırma baxımından dərman vasitələrinin standartlaşdırılmasının stimullaşdırılması məqsədilə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Dərman vasitələrinin və dərman maddələrinin dövlət qeydiyyatı ilə bağlı ekspertizası xidmətlərinin tarifləri təsdiq edilsin (
Əlavə 1).
2. Ölkəyə idxal olunan və ya ölkə daxilində istehsal olunan dərman vasitələrinin və dərman maddələrinin laborator ekspertizası xidmətlərinin tarifləri təsdiq edilsin (
Əlavə 2).
3. Bu qərara Əlavə 1 ilə təsdiq edilmiş tariflərdə bütün xərclər (o cümlədən, dərman vasitələrinin və dərman maddələrinin laborator ekspertizası ilə əlaqədar xərclər) nəzərə alınmışdır.
4. “Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin ekspertizası xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 20 nömrəli Qərarı ləğv edilsin.
5. “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 iyun tarixli 1 nömrəli Qərarının 1.7-ci bəndi ləğv edilsin.
6. Bu qərar 16 may 2016-cı il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev