30.06.2016
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə
QƏRAR № 9
AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI
QƏRAR № 9
Bakı şəhəri, 30 iyun 2016-cı il
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”na və Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”a uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
1. Dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri və onların qüvvəyə minmə tarixləri təsdiq edilsin (
əlavə olunur).
2. Müəyyən edilsin ki, 2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq edildikdən sonra həyata keçirilə bilər.
3. Nəzərə alınsın ki, bu qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənmiş dərman vasitələri üzrə onların ticarət adını, təsiredici maddəsinin adını, dozasını, farmasevtik formasını, ticarət qablaşdırmasını, qablaşdırma miqdarını, istehsal ölkəsini, istehsalçı şirkətini, aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətini və qüvvəyə minmə tarixini əks etdirən icmal siyahıdır.
4. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyi bu qərardan irəli gələn məsələlərlə bağlı zəruri tədbirlərin görülməsini təmin etsin.
5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev