İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! Heydər Əliyev

Azərbaycan Respublikası

Tarif (qiymət) Şurası

AZ|EN

QƏRARLAR

26.07.2022

Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə

QƏRAR № 4

AZƏRBAYCAN RESPUBLİKASININ TARİF (QİYMƏT) ŞURASI

QƏRAR № 4

Bakı şəhəri, 26 iyul 2022-ci il

Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə
 
 
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:
 
1. “Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri” təsdiq edilsin (əlavə olunur).
 
2. Tariflərə ölkə daxilində istehsal olunan və satılan neft məhsulları üzrə qanunvericiliklə müəyyən edilmiş vergilər daxil edilmişdir.
 
3. Şirkətdaxili tariflərə vaqonların yüklənməyə verilməsi, onların təmizlənməsi, yüklənməsi və yüklərin yola salınması üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı şəhərindəki dayanacaqlarına çatdırılması xərcləri daxil edilmişdir.
 
4. Topdansatış tariflərə təchizat tarifləri daxil edilmişdir.
 
5. Topdansatış tariflərinə neft məhsullarının ölkə ərazisində topdansatış yerlərinə (ötürücü boru xətti ilə nəql istisna olmaqla) qədər daşınması və saxlanması ilə bağlı xərclər daxil edilmişdir.
 
6. Pərakəndə satış tariflərinə neft məhsullarının respublika ərazisində pərakəndə satış yerlərinə qədər daşınması və satılması ilə bağlı olan xərclər daxil edilmişdir.
 
7. Neft məhsullarının satışı istehsalçı tərəfindən topdansatış tariflərindən təchizat tarifləri çıxılmaqla və yol vergisi əlavə edilməklə, təchizat müəssisələri tərəfindən isə yol vergisi əlavə edilməklə topdansatış tarifləri ilə həyata keçirilsin.
 
8. Neft məhsullarının ötürücü boru xətləri ilə təchizat tarifi 1 ton üçün ƏDV ilə birlikdə 3,0 manat müəyyən edilsin.
 
9. Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən neft məhsullarının topdan və pərakəndə satışı bu qərarla təsdiq edilmiş tariflərlə, yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışı isə topdansatış tariflərinə yol vergisi əlavə edilməklə həyata keçirilsin.
 
10. Bu qərarda göstərilən neft məhsulları idxal olunduqda onların satışı qanunvericiliklə müəyyən edilmiş rüsum və vergilər ödənilməklə, bu qərarla təsdiq edilən topdansatış və pərakəndə satış tarifləri əsasında, yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışı isə topdansatış tariflərinə yol vergisi əlavə edilməklə həyata keçirilsin.
 
11. Ölkə ərazisində vahid tarif siyasətinin həyata keçirilməsi məqsədilə neft məhsullarının Naxçıvan Muxtar Respublikasına çatdırılmasına təchizat tarifindən artıq çəkilən xərclərin qarşılanması məqsədi ilə subsidiyanın ayrılmasına dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hökumətə təqdim etdiyi təkliflərinin razılaşdırıldığını nəzərə alaraq, bu qərarla təsdiq edilmiş tariflər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən maliyyələşmə məsələləri ilə bağlı qəbul edilən qərar ilə eyni tarixdən qüvvəyə minir.
 
12. Bu qərarın qüvvəyə mindiyi tarixdən “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci il tarixli 2 nömrəli Qərarı ləğv edilsin.

   
 
Azərbaycan Respublikası
 
Tarif (qiymət) Şurasının sədri                            Mikayıl Cabbarov

© 2007 Azərbaycan Respublikası      Tarif (Qiymət) Şurası